[27.10.2009]
Oktyabrın 27 -də Məzahir Pənahovun sədrliyi ilə Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilmişdir.
Əvvəlcə Komissiyanın 20 oktyabr 2009-cu il tarixli iclasının protokolu təsdiq edilmişdir. Sonra Mərkəzi Seçki Komissiyasının katibi Natiq Məmmədov seçki komissiyalarının səsvermə protokollarına dair məsələ barədə məlumat vermişdir. Komissiya qərara almışdır ki, 2009-cu il dekabrın 23-nə təyin edilmiş bələdiyyə seçkiləri ilə əlaqədar Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası tərəfindən müəyyən olunmuş nümunələrin forma və mətninə uyğun olaraq, seçki dairələri üzrə bir-bir ardıcıl nömrələnməklə və seriyaları göstərilməklə, 3 nüsxədən ibarət, hər bir nüsxəsi müxtəlif rəngdə karbonlaşdırılmış kağızdan buklet formasında olmaqla, seçki keçirilən bələdiyyələrin sayına müvafiq olaraq dairə seçki komissiyaları və səsvermə təşkil edilən seçki məntəqələrinin sayına uyğun olaraq məntəqə seçki komissiyaları üçün, habelə həmin qurumların hər biri üçün 30 ədəd nömrələnməmiş və karbonlaşdırılmamış kağızdan səsvermənin nəticələrinə dair müvafiq seçki komissiyalarının protokolları Azərbaycan Respublikası Milli Məclisi Aparatının mətbəəsində mətbəə üsulu ilə hazırlansın.
Mərkəzi Seçki Komissiyası 2009-cu il dekabrın 23-nə təyin edilmiş bələdiyyə seçkilərndə Demokratik İslahatlar, Sosial- Rifah, Bütöv Azərbaycan Xalq Cəbhəsi, Milli Demokrat, Ana Vətən və Böyük Quruluş partiyalarının səlahiyyətli nümayəndələrinin təsdiq olunması barədə qərar qəbul etmişdir.
İclasda 28 saylı Sabunçu üçüncü və 42 saylı Sumqayıt ikinci dairə seçki komissiyalarının tərkibində dəyişikliklər edilmişdir.
MSK-nın iclasında cari məsələlərə də baxılmışdır.
Mərkəzi Seçki Komissiyasının sədri oktybarın 27-dək bələdiyyə seçkilərində passiv seçki hüququndan istifadə etmiş vətəndaşlar barədə məlumat verərək bildirmişdir ki, 20. 704 nəfərin namizədliyi təsdiqlənmişdir ki, onlardan 18. 822 nəfəri DSK-lardan imza vərəqələri alaraq imzatoplama kampaniyasına başlamışlar. Namizədlikəri özü tərəfindən irəli sürülən şəxslərdən 4666 nəfəri bitərəflər, yerdə qalanlar isə 25 siyasi partiyanı əhatə edirlər. 16 siyasi partiya isə rəsmi olaraq seçki marafonuna qoşularaq bələdiyyə üzvlüyünə namizədlərini irəli sürüb.
İclasda ATƏT-in Bakı ofisinin, Avropa Komissiyasının, ABŞ səfirliyinin, Seçki Sistemləri üzrə Beynəlxalq Fondun(ABŞ) təmsilçiləri və kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak etmişlər.
Mərkəzi Seçki Komissiyasının
mətbuat xidməti
[20.10.2009]
Oktyabrın 20 -də Məzahir Pənahovun sədrliyi ilə Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilmişdir.
Əvvəlcə Komissiyanın 7 və 13 oktyabr 2009-cu il tarixli iclaslarının protokolları təsdiq edilmişdir. Sonra Mərkəzi Seçki Komissiyasının katibi Natiq Məmmədov 2009-cu il dekabrın 23-nə təyin edilmiş bələdiyyə seçkilərində Yeni Azərbaycan, Vətəndaş Həmrəyliyi və Ümid partiyalarının səlahiyyətli nümayəndələrinin qeydə alınmasına dair məsələ barədə məlumat vermişdir. Komissiya həmin partiyaların səlahiyyətli nümayəndələrinin təsdiq olunması barədə qərar qəbul etmişdir.
Mərkəzi Seçki Komissiyası 18 saylı Nərimanov – Nizami, 29 saylı Səbail, 69 saylı Cəlilabad - Masallı - Biləsuvar və 107 saylı Qazax dairə seçki komissiyalarının tərkibində dəyişikliklər etmişdir.
MSK-nın iclasında cari məsələlərə də baxılmışdır.
Mərkəzi Seçki Komissiyasının sədri oktybarın 20-dək bələdiyyə seçkilərində passiv seçki hüququndan istifadə etmiş vətəndaşlar barədə məlumat verərək bildirmişdir ki, 107 dairə seçki komissiyası üzrə 5469 nəfərin namizədliyi təsdiqlənmişdir ki, onlardan 1000 nəfəri qadınlardır. Namizədliyi təsdiqlənmiş şəxslərin 4522 nəfəri DSK-lardan imza vərəqələri alaraq imzatoplama kampaniyasına başlamışlar.
İclasda ATƏT-in Bakı ofisinin, Seçki Sistemləri üzrə Beynəlxalq Fondun(ABŞ) təmsilçiləri və kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak etmişlər.
Mərkəzi Seçki Komissiyasının
mətbuat xidməti
[13.10.2009]
Oktyabrın 13 -də Məzahir Pənahovun sədrliyi ilə Mərkəzi Seçki Komissiyasının iclası keçirilmişdir.
Əvvəlcə Komissiyanın 30 sentyabr 2009-cu il tarixli iclas protokolu təsdiq edilmişdir. Sonra Mərkəzi Seçki Komissiyasının katibi Natiq Məmmədov vətəndaşların seçki hüquqlarını pozan hərəkətlərdən (hərəkətsizlikdən) və qərarlardan şikayətlərin araşdırılması məqsədilə Komissiyanın nəzdində ekspert qrupunun yaradılmasına dair məsələ barədə məlumat vermişdir. Mərkəzi Seçki Komissiyası vətəndaşların seçki hüququnu pozan hərəkətlərdən (hərəkətsizlikdən) və qərarlardan şikayətlərin araşdırılması məqsədilə Komissiyanın nəzdində növbəti bələdiyyə seçkiləri dövründə fəaliyyət göstərəcək 9 nəfərdən ibarət ekspert qrupunun yaradılması barədə qərar qəbul etmişdir. Mərkəzi Seçki Komissiyası həmçinin qərara almışdır ki, dairə seçki komissiyalarının nəzdində qısa müddət ərzində müvafiq tələblərə cavab verən ekspert qruplarının yaradılması həmin seçki komissiyalarına həvalə edilsin.
Mərkəzi Seçki Komissiyası bəzi dairə seçki komissiyalarının tərkibində dəyişikliklər etmişdir.
MSK-nın iclasında cari məsələlərə də baxılmışdır.
İclasda Seçki Sistemləri üzrə Beynəlxalq Fondun(ABŞ), Milli Demokratiya İnstitutunun (ABŞ) təmsilçiləri və kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak etmişlər.
Mərkəzi Seçki Komissiyasının
mətbuat xidməti
[07.10.2009]
Oktyabrın 7-də Məzahir Pənahovun sədrliyi ilə Mərkəzi Seçki Komissiyasının iclası keçirilmişdir.
Komissiya əvvəlcə Azərbaycan Respublikasında növbəti seçkilərin təyin edilməsi barədə məsələyə baxmışdır. Bu məsələ barədə məlumat verən Mərkəzi Seçki Komissiyasının sədri bildirmişdir ki, artıq 10 ildir ki, ölkəmizdə bələdiyyələr fəaliyyət göstərir və bu yerli özünüidarə qurumları gənc institutut olmasına baxmayaraq fəaliyyət göstərdikləri qısa müddət ərzində zəngin təcrübə qazanmış və onların işlərinin faydalı iş əmsalı ildən ilə artır. Bu il bələdiyyələrin səlahiyyət müddəti başa çatır və bu qurumlara növbəti seçkilərin təyin edilməsi üçün əsas yaranmışdır. Seçki Məcəlləsinin tələbinə əsasən seçkilər səsvermə gününə azı 75 gün qalmış təyin edilməlidir. Respublika üzrə 1718 bələdiyyəyə 15 682 üzv seçilməlidir. İşğal altında olan rayonlarımızın əhalisi təssüflər olsun ki, bi seçkilərdə iştirak edə bilməyəcəklər. Sədr qeyd etmişdir ki, komissiya bələdiyyə seçkilərinin keçirilməsi ilə bağlı hüquqi bazanın gücləndirilməsi ilə bağlı normativ xarakterli aktlar təsdiq edərək dərc etdirib və onları aşağı seçki komissiyalarına çatdırmışdır. Həmin sənədlər mətbuat və Mərkəzi Seçki Komissiyasının internet səhifəsi vasitəsi ilə rəsmiləşdirilmişdir.
Sonra Komissiyanın sədri MSK üzvlərinə bələdiyyə seçkilərinin təyin edilməsinə dair qərar layihəsi barədə məlumat vermişdir. Mərkəzi Seçki Komissiyası qərara almışdır ki, Azərbaycan Respublikasında növbəti bələdiyyə seçkiləri 2009-cu il dekabrın 23-ü, çərşənbə gününə təyin edilsin və seçki keçiriləcək bələdiyyələrin siyahısı dərc edilsin.
Mərkəzi Seçki Komisiyasının katibi Natiq Məmmədov “Azərbaycan Respublikasında bələdiyyə seçkilərinin hazırlanıb keçirilməsi üzrə əsas hərəkət və tədbirlərin Təqvim Planı”nın təsdiq edilməsinə dair məsələ barədə məlumat vermişdir. Komissiya Təqvim Planının təsdiq edilməsi barədə qərar qəbul etmişdir.
Komissiyanın iclasında cari məsələlərə də baxılmışdır.
İclasda ATƏT-in Bakı ofisinin, ABŞ və Fransa səfirliklərinin, Milli Dermokratiya İnstitutunun (ABŞ), Seçki Sistemləri üzrə Beynəlxalq Fondun(ABŞ) təmsilçiləri və kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak etmişlər.
Mərkəzi Seçki Komissiyasının
mətbuat xidməti